21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyununda 1:0 hesabı ilə qalib gələn Norveç millisinin kapitanı Conas Qronnerin apasport.az saytına müsahibəsi
- Doğma meydanda məğlub olduğunuz yığmamıza Bakıda qalib gəldiniz. Bunu nəyin hesabına bacardınız?
- Bu o qədər də asan olmadı. Çətin bir qarşılaşma baş tutdu. Topa biz daha çox nəzarət edirdik. Hətta çoxsaylı qol epizodları da yaratdıq. Yalnız sona yaxın gözlədiyimiz qolu vura bildik. Təbii ki, bura qələbə qazanmaq üçün gəlmişdik, məqsədimizə də nail olduq.
- Yaratdığınız epizodlardan maksimum istifadə edə bilməməyiniz nədən irəli gəlirdi?
- Meydana istəkli çıxmışdıq. Uğur qazanmaq istəyi bəzən mane olur. Tələskənliyə yol verir, topu itirirsən, və ya epizodu düzgün dəyərləndirmirsən. Düz deyirsiniz, daha çox qol vura bilərdik. Amma bunlardan niyə istifadə edə bilmədik? Norveçə döndükdən sonra öz üzərimizdə işləməli və gələn səfər daha çox qol vurmalıyıq.
- Norveçdəki oyunda məğlub olmuşdunuz, amma bu gün qələbə qazandınız. İlk oyunla indiki matça qədər olan vaxtda komandada çoxmu dəyişiklik olub?
- Həmin matçla müqayisədə baş məşqçimiz dəyişib. Bu gün yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxdıq. O, komanda üçün müəyyən işlər görüb. Özümüzə inamı geri qaytarıb, taktiki-texniki dəyişikliklər edib. Norveçdəki matçda olduğu kimi, bu dəfə də oyuna nəzarət tərəfimizdə idi. Meydanda istədiyimiz kimi rahat oynaya bilirdik.
- Bəs yığmamızla bağlı düşüncəniz necədir?
- Komandanız daha çox əks-hücumlara diqqət ayırmışdı. Fasiləyə qədər qol vurmaq üçün şanslar da əldə etdiniz. Hər halda, Azərbaycan yığması qol vurmasa da yaxşı oyun nümayiş etdirdi.
- Bu oyunda hakim komandanızın qapısına penalti təyin etmədi, oyundankənar vəziyyəti saxlamadı. Komandanıza simpatiya nə ilə bağlıdır?
- Hakimlərlə bağlı geniş danışmaq istəmirəm. Sadəcə, onların oyunu yaxşı idarə etdiklərini deyə bilərəm.