Qətər dünya çempionatı üçün təhlükəli yer sayılıb
15.06.2014 - 15:11
Qətər dünya çempionatı üçün təhlükəli yer sayılıb

 

2022-ci il futbol üzrə dünya çempionatı zamanı Qətər hökumətinə ciddi təhlükələrin öhdəsindən gəlmək çətin olacaq və turnir baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, bu barədə dünya çempionatının ev sahibinin seçilməsinə bir neçə gün qalmış FİFA-nın təhlükəsizlik üzrə hesabatında bildirilib.

 

Hesabat qurumun baş katibi Jerom Valkenin xahişi əsasında hazırlanıb. Amma FİFA üzvləri Qətərdə terror təhlükəsinin yüksək olması ilə bağlı özlərinin hazırladıqları hesabata əhəmiyyət verməyiblər. Sənədin müəllifi Andre Pruis FİFA-nın təhlükəsizlik üzrə müşaviri, Cənubi Afrika Respublikasından olan polis rəisidir. Onun fikrincə, turnirin keçiriləcəyi obyektlərin bir-birinə və digər obyektlərə yaxın yerləşməsi təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təşkil etməyə imkan vermir: “Qətər risk səviyyəsi yüksək olan yerdir. Belə bir vəziyyətdə hansısa ciddi insidentin öhdəsindən gəlmək üçün turniri ləğv etməkdən başqa çıxış yolu qalmayacaq”.

 

Pruisin fikrincə, ölkənin coğrafi vəziyyəti də təhlükə mənbəyidir: “Qətər “Əl-Qaidə” terror təşkilatının fəaliyyət göstərdiyi ölkələrin yaxınlığında yerləşir”.