“Bura gələndə bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Ötən illərdə “Qarabağ” Avroliqadakı çıxışı ilə bunu göstərib. İnanıram ki, maraqlı oyun olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Maltanın “Valletta” klubunun baş məşqçisi Qilbert Acius deyib.
Acius sabah baş tutacaq Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Valletta” oyunu haqda fikirlərini bildirib: “Məşqçiliyə yeni başlamışam. Mənim üçün yaxşı oyun əsasdır, nəticə önəmli deyil. Məşqi 21:30-da yox, erkən keçirməyimizin səbəbi qidalanma ilə bağlıdır. Çünki həmin vaxt məşq etsəydik, otelə qayıdıb yemək yeməyə vaxtımız qalmayacaqdı. İndi “Zalsburq” haqqında danışmaq istəmirəm. “Qarabağ”la oyunu düşünürəm”.
40 yaşlı çalışdırıcı təcrübəli futbolçularına güvəndiyini söyləyib: “Mən də sizin kimi fikirləşirəm ki, qapıçımız yaxşı çıxış etdi. Ancaq bizdə tək o yaxşı oynamadı. Bütün komandanın oyunundan razı qalsam da, nəticədən razı qalmadım. Kapitanımızın söylədiyi kimi, bizim millidə oynayan təcrübəli futbolçularımız var və onlara güvənirik”.
Acius millimizin Malta ilə oyunlarına da toxunub: “Mən futbolçu olan vaxt bir dəfə Azərbaycan yığmasına qarşı oynamışam. Həmin oyunda 3:0 hesabı ilə qalib gəlmişdik. 2 topu da mən vurmuşdum. Bu oyunu necə unuda bilərəm ki? Ona görə də Azərbaycan mənim üçün sevimli yerdir (gülür)”.
Səbuhi TOFİQOĞLU
Qilbert Acius: Azərbaycan yığması ilə oyunu necə unuda bilərəm ki?
21.07.2014 - 18:23
0
0