Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsində cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” sabah meydana çıxacaq.
Təmsilçimiz 1 həftə əvvəl Bakıda qarşılaşdığı Avstriya çempionu “Zalsburq”un qonağı olacaq. Öz meydanında 2:1 hesablı qələbə qazanan “Qarabağ” səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.
Lakin güclü rəqiblə matçda ağdamlıların işi asan olmayacaq. Çünki ilk oyunda qırmızı vərəqə alanlar – Admir Teli və Reynaldo bu dəfə komandaya kömək etməyəcək.
Klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu adının şəriki olan braziliyalının yoxluğu daha böyük itkidir. Onların yoxluğunda isə “Qarabağ” Bakıdakı kimi meydana 9 legionerlə çıxa bilməyəcək. Komandanın gücünü isə məhz əcnəbilər təşkil etdiyindən Ağdam klubunun işi xeyli çətindir.
Qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olmaq üçün “Qarabağ” uduzmamalıdır. Təmsilçimiz ən pis halda – minimal fərqlə uduzsa qol vurmalıdır. Çünki 2:3 və ya daha çox qollu minimal fərqli yenilgi çempionumuz üçün qrupa vəsiqəni təmin edir.
Belə ki, mərhələ adlayıb pley-offa yüksəlməsi “Qarabağ” üçün qrip mərhələsində vəsiqə deməkdir. Artıq IV təsnifat mərhələsində məğlubiyyət də, qələbə də bunun üçün yetərli olacaq. Orada qələbə Çempionlar Liqasının, məğlubiyyət isə Avropa Liqasının qrupuna çıxmaq üçün kifayət edəcək. Zalsburqdakı məğlubiyyət isə təmsilçimizi 2-ci dərəcəli klub turnirinin pley-offuna göndərəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
23:30. “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Robert Madden
Baş hakimin köməkçiləri: Qrehem Şambers, Alastair Mather
Dördüncü hakim: Brayan Kolvin (hamısı Şotlandiya)
UEFA nümayəndəsi: Roy Catkart (Şimali İrlandiya)
Hakim-inspektor: Peter Froydfeldt (İsveç)
Zalsburq (Avstriya). “Zalsburq” stadionu