“Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər edib. Heyətə oyunçular cəlb edib, yerli və gənc məşqçi vəzifəyə gəlib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
42 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə Maltada keçiriləcək ilk oyunu haqda fikirlərini açıqlayıb: “Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transferlər Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından dəvət edilən futbolçulardı. “Valletta” keçən il Avropa Liqasında yaxşı təcrübə qazanmış bir komandadı”.
Qurbanov klubun saytına açıqlamasında rəqibi də dəyərləndirib: “Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdi, lakin düşünürəm ki, bu səhv fikirdi. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Ardınca da çalışacağıq ki, oyuna nəzarəti ələ alaq. Hesab edirəm ki, minimal hesablı qələbə və ya bərabərlik pis nəticə olmaz”.