Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə Maltadakı qarşılaşması “Qarabağ”ın bəzi üzvləri üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Qara Qarayev avrokuboklarda yubiley – 15-ci oyununu keçirib.
Bütün oyunlarını “Qarabağ”da keçirən 22 yaşlı müdafiəçi indiyədək yalnız Avropa Liqasında forma geyinmişdi. Bu dəfə isə Qara Çempionlar Liqasında debüt etdi.
Ağdam təmsilçisinin digər üzvləri – Admir Teli, Bədavi Hüseynov, Namiq Yusifov, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo və Vüqar Nadirov da qitənin nüfuzlu klub turnirində ilk dəfə meydana çıxıblar.
“Qarabağ”ın yeni transferi Danilo Dias isə həm komandasında, həm də ümumiyyətlə avrokuboklarda debüt edib. Komandanın çalışdırıcısı Qurban Qurbanov da baş məşqçi kimi ilk dəfə Çempionlar Liqasının iştirakçısı oldu.
42 yaşlı mütəxəssisi də saysaq, bu turnirdə 11 debüt qeydə alınıb.