Qurbanov “Sumqayıt”ın rekordçusu oldu
31.05.2015 - 16:39
Qurbanov “Sumqayıt”ın rekordçusu oldu

Topaz Premyer Liqasının 36-cı turunun “Sumqayıt” - “İnter” qarşılaşmasında (3:1) dubla imza atan Məhəmməd Qurbanov klubun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, o, “Gənclik şəhəri” təmsilçisinin ölkə çempionatları tarixində ən yaxşı bombardiri adına yiyələnib.

 

Qurbanov sumqayıtlıların heyətində 18-ci çempionat qolunu vurmaqla, klubun mütləq rekordçusuna çevrilib.

Mövsümün son oyunu ərəfəsində rekord iki oyunçuya məxsus idi. Pərdis Fərcad-Azad və Məhəmməd Qurbanov hərəyə 16 qol vurmuşdu. Son görüşdə Fərcad 1, Məhəmməd 2 dəfə fərqlənib.

 

Beləliklə, klub tarixinin ən məhsuldar oyunçusu ünvanı 43 oyunda 18 dəfə fərqlənən Qurbanova keçib.

 

59 matçda 17 dəfə fərqlənən Pərdis 2-ci, 70 qarşılaşmada 14 dəfə rəqib qapısına yol tapan Orxan Əliyev 3-cü pillədə qərarlaşıb.

Mənbə: pfl.az