“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalının “Real Madrid”ə qarşı oynayacaqları cavab görüşünü şərh edib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis “Real”ın müdafiədə oturmayacağına ümid etdiyini bildirib.
Qvardiola gərginliyin həddən artıq böyük olduğunu vurğulayıb: “Biz “Bavariya”yıq, yarımfinaldayıq və səbirsizliklə oyunu gözləyirik. Mən “Osasuno”ya qarşı oyununa qədər də “Real”ın necə yaxşı komanda olduğu və onun heyətində necə ulduzlar oynadığını bilirdim. “Real”ın əks-hücumları çox sürətlidir, madridlilər çox qaçırlar. Topu itirən zaman tez bir zamanda azad zonaları bağlamaq və müdafiəyə çəkilmək lazımdır. “Real” birinci oyundakı üstünlüyü qorumağa çalışacaq. Hansı taktikanı seçəcəyinə baxarıq. Biz səfərdə qol vurmağa çalışdıq. İndi isə daha çox hücum etmək lazım gələcək – başqa çıxış yolumuz yoxdur. Biz onların əks-hücumlarını unutmamalıyıq. Əminəm ki, “Real” əsl futbol oynamaq istəyir. Bu mövsümü artıq uğurlu adlandırmaq olar. Biz artıq çempionuq. Çempionlar Liqasının yarımfinalındayıq və Almaniya kubokunun finalında oynayacağıq. Sadəcə, bütün imkanlarımızdan istifadə etmək lazımdır. Biz təkbaşına qalib gələ bilmərik. Bizə azarkeşlərin dəstəyi lazımdır və onlar bizi dəstəkləyəcəklər. Fanatlar komandadan nəyi gözlədiklərini göstərməlidirlər və əminəm ki, bizi irəliyə doğru qovacaqlar. Biz finala çıxa bilərik. Bunu komanda da istəyir, mən də istəyirəm, azarkeşlər də istəyir. Biz hədəfə hamımız bir yerdə çata bilərik”.