“Monako”nun hücumçusu Radamel Falkao “Atletiko Madrid”in uğurlarına paxıllıq etmir. Apasport.az saytının məlumatına görə, Falkao mövsümün əvvəlində İspaniya klubunu tərk edərək Fransaya üz tutub.
Çoxları Falkao olmadan “Atletiko”nun çökəcəyini proqnozlaşdırırdı. Amma madridlilər nəinki çökmədilər, əksinə, Çempionlar Liqasının yarımfinalına kimi yüksəliblər və İspaniya çempionluğuna əsas iddiaçıdırlar. Falkao hazırda ciddi zədədən sonra bərpa olunur və dünya çempionatına hazırlaşır.
Hücumçu qəlbində paxıllıq hissinin olmadığını bəyan edib: “Mən paxıllıq hissi keçirmirəm. Əksinə, şadam ki, mənə yad olmayan klub belə yüksək səviyyədə çıxış edir. Komandada çoxlu dostlarım qalıb. Mən onlarla bir çox müsbət hissləri yaşamışam. Oyunçunun həyatı daimi dəyişiklikdir. Mənim də həyatımda dəyişiklik oldu. İstəyirəm ki, “Atletiko” bütün kubokları qazansın”.