Rahid Əmirquliyevi meydandan qovan hakim Bakıya gəlir
21.07.2014 - 11:17
Rahid Əmirquliyevi meydandan qovan hakim Bakıya gəlir

Avroliqanın II təsnifat mərhələsinin Bakıda keçiriləcək “İnter” – “Elfsborq” qarşılaşmasının baş hakimi Stanislav Todorov 3-cü dəfə bu turnirdə təmsilçilərimizin oyununa təyinat alır. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı referi bundan əvvəl “Xəzər Lənkəran” və “Qarabağ”ın görüşlərində ədalət təmsilçisi olub.

 

Maraqlıdır ki, Todorovun bundan əvvəl idarə etdiyi 2 görüş ölkəmizdə yox, rəqib komandaların meydanında baş tutub və həmin qarşılaşmalarda klublarımız qələbə qazana bilməyib. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, bu 2 görüş də Polşada baş tutub və hər iki matç da indiki kimi Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu olub.

 

Belə ki, o ilk dəfə 2012-ci ilin iyulun 26-da Polşanın Poznan şəhərində keçirilən “Lex” – “Xəzər Lənkəran” görüşünə təyinat alıb. Lənkəranda keçirilən ilk matçda 1:1 hesabı qeydə alındığından, Poznanda Yunis Hüseynovun yetirmələri mütləq qələbə qazanmalı idi. Ancaq 15-ci dəqiqədə hazırda “Aston Villa”nın bolqar hücumçusu olan Aleksandar Tonevin künc zərbəsindən sonra vurduğu qol növbəti mərhələyə “Lex”i çıxarıb. Bu matçda Todorov 9 sarı və 1 qırmızı vərəqə çıxarıb. Bolqarıstanlı referi təmsilçimizdən Eder Bonfim, Elnur Allahverdiyev, Adrian Pitsə sarı vərəqə göstərmiş, görüşə əlavə olunmuş dəqiqələrdə isə Rahid Əmirquliyevi 2-ci “sarı” ilə meydandan qovmuşdu.

 

Todorovun təmsilçilərimizin iştirakı ilə idarə etdiyi ikinci görüş isə ötən mövsüm baş tutub. “Qarabağ” Bakıdakı ilk matçda 2:1 məğlub etdiyi “Pyast”la ötən ilin iyulun 25-də qarşılaşıb. Polşanın Qlivitse şəhərində keçirilən görüşün əsas vaxtında meydan sahibləri 2:1 hesabı ilə qalib ayrıldığından, matç 30 dəqiqə əlavə oynanılıb. Artıq “Qarabağ”dan ayrılmış konqolu hücumçu Ulriş Kapolonqonun 108-ci dəqiqədə vurduğu qol hesabı 2:2 edib və onun komandası növbəti mərhələyə vəsiqə qazanıb. Bu matçda da bolqar referi “bizimkilər”ə qarşı çox sərt olub. 6 vərəqədən 4-ü “Qarabağ”lılara – Admir Teli, Nikoloz Gelaşvili, Riçard Almeyda və Miro Varvodiçə göstərilib.

 

Qeyd edək ki, “Lex” - “Xəzər Lənkəran” oyununda Stanislav Todorovun köməkçilərindən 2-si -  İvo Kolev və Nikolay Yordanov Bakıya da gələcək.