Rail Məlikov: “Qəbələ” ilə ortaq məxrəcə gələ bilmədik
24.06.2014 - 13:59
Rail Məlikov: “Qəbələ” ilə ortaq məxrəcə gələ bilmədik

“Qəbələ” ilə yollarım ayrıldı. Klubla ortaq məxrəcə gələ bilmədik”. Bunu apasport.az saytına millimizin sabiq müdafiəçisi Rail Məlikov deyib.

 

“Qəbələ”nin Avstriya təlim-məşq toplanışı həftə sonu başa çatsa da, Rail Məlikov komandanın hazırlıqlarında hələ də iştirak etmir. Klubun Avroliqa üçün UEFA-ya təqdim etdiyi sifariş ərizəsində də Railin adına rast gəlinmir.

 

Bunun səbəbini futbolçunun özü ilə dəqiqləşdirmək qərarına gəldik. Rail artıq “Qəbələ”dən ayrıldığını bildirdi: “Artıq komandadan ayrılmışam. Müqaviləm onsuz da “Qəbələ” ilə başa çatmışdı. Ötən yay 1 illik müqaviləyə qol çəkmişdim. Ancaq komandada qala bilərdim. Hətta qızım əməliyyat olunduğu üçün mənə Avstriya toplanışına 3 gün gec qoşulmağa icazə də verilmişdi. Sadəcə bəzi məsələlərdə klubla ortaq məxrəcə gələ bilmədik. Nəticədə yeni müqavilə bağlamağa da ehtiyac qalmadı. Mən “Qəbələ” rəhbərliyinə və komandaya uğurlar arzulayıram”.

 

Məlikov karyerasını harda davam etdirəcəyinə isə belə izah verdi: “Qəbələ”də qalmayacağım yeni bilinib. Ona görə də hələ harda oynayacağımı dəqiqləşdirməmişəm. Ancaq yenidən Türkiyədə oynamaq imkanım var. Çalışacağam ki, yenidən ölkə xaricində özümü sınayım”.

 

Qeyd edək ki, Rail Məlikov ötən yay Türkiyənin “Dənizlispor” klubundan “Qəbələ”yə keçmişdi.

 

Səbuhi TOFİQOĞLU