Ramazan Abbasovun iddiası: “Rəvan” kuboku qazanmağa layiqdir
15.04.2014 - 10:38
Ramazan Abbasovun iddiası: “Rəvan” kuboku qazanmağa layiqdir

“Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Bizi nə qədər çətin sınaq gözlədiyini bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın futbolçusu Novruz Məmmədov deyib.

 

Paytaxt təmsilçisinin kapitanı klubun rəsmi saytına açıqlamasında Azərbaycan kubokunun yarımfinal mərhələsinin sabah keçiriləcək ilk oyunu haqda fikirlərini açıqlayıb. Məmmədov “Neftçi” ilə səfər matçında qənaətbəxş nəticəyə ümidlidir: "Rəvan” tarixində ilk dəfə yarımfinala yüksəlib. Bunun davamını gətirmək istəyirik. Məqsədimiz ilk görüşdən sərfəli nəticə ilə ayrılmaqdır. Səfərdə qol buraxmamaq çox önəmlidir. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Ad-san baxımından rəqib favorit ola bilər, lakin qələbə istək və əzmkarlıq hesabına əldə olunur”.

 

“Rəvan”ın digər futbolçusu Ramazan Abbasov səfər oyununda qol vurmaq arzularını açıqlayıb: "Yarımfinalda zəif və güclü komanda anlayışı olmur. "Rəvan” kuboku qazanmağa layiq 4 klubdan biridir. Finala çıxmaq öz əlimizdədir. Aydın məsələdir ki, hamımızın arzusu Azərbaycan kubokunu qazanıb, Avropa Liqasına düşməkdir. Rəqibimiz son 3 mövsümün çempionudur, tarixi olan bir klubdur. Lakin indiki halda, hər iki komandanın şansları bərabərdir. Düşünürəm ki, ilk görüşdən çox şey asılıdır. Səfərdə qol vurmaq üçün əlimizdən gələni etməliyik”.