Ramin Musayev: Avrokuboklar Superkubokdan daha vacibdi
11.08.2014 - 12:12
Ramin Musayev: Avrokuboklar Superkubokdan daha vacibdi

Avqustun 13-də “Qarabağ” və “Neftçi” klubları arasında keçirilməli olan Azərbaycan Superkuboku uğrunda oyun baş tutmayacaq. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

 

O bildirib ki, hər iki komandanın Avroliqanın pley-off mərhələsində keçirəcəkləri matçlar nəzərə alındığından, Superkubok qarşılaşması təxirə salınıb: “Bu oyun Qəbələdə keçirilməli idi. Hətta komandalar üçün təyyarə də ayrılmışdı. Sadəcə, son anda klublarımızın Avroliqanın pley-off mərhələsindəki çıxışları nəzərə alınaraq, oyun təxirə salındı. Çünki hər iki komandanın futbolçuları zədələnə bilərdi. Bu da onların oyunlarına təsir edəcəkdi”.

 

Musayevin fikrincə, PFL üçün əsas Superkubok matçı yox, klublarımızın qitə miqyaslı turnirdə uğurlu çıxışıdı: “Bütün bunlar nəzərə alınıb, belə qərar verildi. Bizə superkubok matçından çox komandalarımızın Avroliqadakı oyunları lazımdı. Onlar qələbə qazanıb, Azərbaycanın reytinqinə xal gətirirlər”.