“Qarabağ”la matçın gərgin keçəcəyini bilirdik. Elə oyun başlayan kimi, meydanın mərkəzində Reynaldo mənə qarşı aşkar kobudluq etdi. O, mənə bilərəkdən dirsəyi ilə çox sərt zərbə endirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos deyib.
Paraqvaylı futbolçu ölkə çempionatın XXXII turunda baş tutmuş “Qarabağ”la oyun barədə klubunun rəsmi saytına açıqlama verib: “Zərbənin təsirindən bir neçə dəqiqə ayağa qalxa bilmədim. Bəxtim gətirdi ki, zərbədən müəyyən qədər yayına bildim. Yoxsa daha ağır xəsarət ala bilərdim. Videotəkrardan da hər şey açıq-aydın görünür. Həmin epizoda görə Reynaldo dərhal qırmızı vərəqə almalı idi. Hakimin mövqeyi də ideal idi və əgər sarı vərəqə göstərmişdisə, deməli, dirsək zərbəsini də görmüşdü. Mən başa düşmürəm, əgər bu hərəkətin cəzası qırmızı vərəqə deyilsə, onda Reynaldo daha nə etməli idi?”
26 yaşlı oyunçu Reynaldoya qırmızı vərəqə veriləcəyi halda, qələbə qazana biləcəklərini də dilə gətirib: “Belə bir fikir səsləndirirlər ki, hələ matçın 1-ci dəqiqəsi idi deyə hakim qırmızı vərəqə göstərmədi. Necə yəni, bəyəm futbolda qaydalar 2-ci dəqiqədən sonra işləyir? Flavinyoya, Araza guya dirsək hərəkətinə görə absurd qırmızı vərəqələr verilə bilir, Reynaldoya isə bu hərəkətə görə yox? Heç bir peşəkar futbolçu istəməz ki, karyerasını bu cür zərbə altına atsın. Nə qədər hakim ədalətsizliyi ilə qarşılaşmaq olar? Belə münasibətdən bezmişik artıq. “Qarabağ” Azərbaycanın 2 ən güclü klubundan biridir. Belə hakim qərarları matçın gedişatına da ciddi təsir göstərir. Əgər rəqib komanda azlıqda qalsaydı, kim bilir nəticə necə olacaqdı?”
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Reynaldo bu hərəkətinə görə 2-ci dəqiqədə sarı vərəqə alıb.