Rasim Kara: Onların “Xəzər Lənkəran”a faydası dəyəcək
15.07.2014 - 16:03
Rasim Kara: Onların “Xəzər Lənkəran”a faydası dəyəcək

“Oğuz Çətin onsuz da Mustafa Dənizli hələ “Xəzər Lənkəran”dan ayrılmazdan öncə komandanı oyunlara çıxarıb. Həmin matçlarda komanda qalib gəldi, yaxşı çıxış etdi”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara deyib.

 

Hazırda Türkiyə Futbol Federasiyasında (TFF) Gənclik Gəliştirmə Departamentində çalışan Kara vaxtı ilə 2 dəfə işlədiyi “Xəzər Lənkəran” haqqında danışıb. Onun sözlərinə görə, klub rəhbərliyinin baş məşqçi postunu Oğuz Çətinə həvalə etməsi yaxşı addımdı: “Oğuz hoca gənc, özünü sübut etmək istəyən istedadlı məşqçilərdəndi. Onun futbolçu karyerası da çox yaxşı olub. Mən onun “Xəzər Lənkəran”da uğur qazanacağına inanıram. Klubun da ona dəstək verməsi, kiçik uğursuzluqlara görə dərhal onu istefaya göndərməməyi lazımdı”.

 

Rauf Əliyevlə Əfran İsmayılovu artıq indidən “Xəzər Lənkəran”ın yeni transferləri adlandırmaq mümkündü. Bu futbolçular 2007/08 mövsümündə - Rasim Karanın “Qarabağ”da çalışdığı dönəmdə üzə çıxdı. İndi hər 2 oyunçu cənublularda çıxış edəcək: “Raufla Əfranın “Xəzər Lənkəran”a keçdiklərini ilk dəfə sizdən eşidirəm. Onları 16-17 yaşlarında “Qarabağ”ın əsas komandasında ilk dəfə mən oynatmışam. Ona görə də bilirəm ki, hər ikisi yaxşı, xarakterli oyunçudu. Məncə, onların “Xəzər Lənkəran”a faydaları dəyəcək. Xeyirli olsun... Əfran ötən mövsümü “Bakı”da zədəli keçirsə də, sağaldıqdan sonra istənilən komandada oynaya bilər”.

 

Hazırda AFFA ilə TFF arasında azərbaycanlı və türkiyəli futbolçuların legioner sayılmamasına dair müzakirələr gedir. Yəni, Topaz Premyer Liqasında və Türkiyə Superliqasında bu 2 ölkənin futbolçuları çıxış edəcəyi halda, legioner sayılmayacaq.

 

Kara bu məsələyə belə münasibət bildirdi: “Mən də bununla bağlı müəyyən danışıqların getdiyini, müzakirələrin aparıldığını eşitmişəm. Amma tamamilə fərqli departamentdə çalışdığım üçün ətraflı bilgiyə sahib deyiləm. Hələ tərəflər arasında rəsmi protokol imzalanmadığından, bir söz demək mümkün deyil. İstənilən halda, düşünürəm ki, bu, çox yaxşı ideyadı. İki ölkə arasında əlaqələrin müsbət təzahürü futbolda da əks olunmalıdı”.

 

Səbuhi TOFİQOĞLU