Topaz Premyer Liqasının XX turu çərçivəsində “Simurq”la qarşılaşan “Neftçi” rəqibin müqavimətini qıra bilməyib - 0:0. Bununla da paytaxt təmsilçisi 2015-ci ildə qələbəsiz oyunlar seriyasını davam etdirir. Oyun başa çatdıqdan sonra “ağ-qaralar”ın hücumçusu Rauf Əliyev apasport.az saytının suallarını cavablandırıb.
- Bu dəfə də istədiyiniz nəticəni qazana bilmədiniz. Sizə nə mane oldu?
- “Simurq”a qarşı oynamaq çətindi. Amma AZAL-la matçı müqayisə etsək, komanda bu gün daha yaxşı çıxış etdi. Sadəcə, epizodları dəyərləndirə bilmədik. Erkən qol vursaydıq, matçın axarı dəyişəcəkdi. Çünki “Simurq”a erkən qol vurmadınsa, rəqib oyunu çətinləşdirir.
- AZAL-la oyunda əsas heyətdə yer alsanız da, bu dəfə meydana sonradan çıxdınız...
- Baş məşqçinin qərarıdı, hörmətlə yanaşıram. Ötən dəfə mən, bu dəfə Kanales ilk “11-lik”də yer aldı.
- Bəlkə məşqdəki hazırlıq durumunuz baş məşqçini qane etməyib?
- Ötən oyunda məğlub olmuşduq, bəlkə də, buna görə baş məşqçi heyətdə dəyişiklik etmək qərarına gəldi. Ulduz deyiləm ki, hər oyunda mütləq meydana çıxım. Komandanın uğuru vacibdi.
- “Neftçi”nin heyətində ikinci oyununuzu keçirsəniz də, yaddaqalan heç nə etməmisiniz. Hələ uyğunlaşa bilməmisiniz?
- Komandam üçün əlimdən gələni edirəm, sadəcə nəticələrimiz ürəkaçan deyil. Ona görə gözə çarpmıram. “Qara zolaq”dan çıxsaq, hər şey qaydasına düşəcək.
- Baş məşqçini istefaya səsləyirdilər. Bu, meydanda sizə necə təsir edirdi?
- Azarkeş də istəyir ki, komanda qələbə qazansın. Qələbə olmayanda, onlar da hirslənirlər. Sadəcə, bizim azarkeşlərdə bu proses tez baş verir. Millidə oynayan vaxt da belə olur. Bir-iki qarşılaşmadan sonra tez "istefa" deyə, qışqırırlar. Bir az səbrli olsalar, “Xəzər Lənkəran”la oyunda komanda öz sözünü deyəcək.
- Oyundan əvvəl komandanın düşərgəsindən heç də xoş olmayan xəbərlər gəlirdi. Bu matçın baş məşqçi üçün son şans olduğu, Arif Əsədovla futbolçunun mübahisə etdiyi deyilirdi. Nə baş verdiyini deyə bilərsinizmi?
- Birinci oyuna necə hazırlaşmışdıqsa, bu qarşılaşmaya da eyni cür hazırlaşdıq. Əsas problem nəticənin olmamasıdı. Nəticə olmayanda da bu cür xəbərlər yayılır.
- Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?
- Ancaq qələbə haqda düşünəcəyik. Çünki son 2 oyunda bunu reallaşdıra bilməmişik. Bu dəfə qələbə qazansaq, komandadakı ab-hava dəyişər, vəziyyət də düzələr.
- Xüsusi motivasiyanız varmı?
- Bütün oyunlara motivasiya ilə çıxıram. “Xəzər Lənkəran”la oyunu digərlərindən fərqləndirmək istəmirəm. “İnter” və ya digərlərinə necə hazırlaşırıqsa, bu dəfə də elə olacaq.
- İki oyunda ümumilikdə 1 xal qazanmısınız. Bu nəticə çempion olmaq istəyən komandanı məqsədindən uzaqlaşdırmır?
- Bu cür olacağını gözləmirdik. Pis vəziyyətə düşmüşük. Qalib gəlib, mütləq vəziyyətdən çıxmalıyıq. Başqa yolumuz yoxdu.