Rauf Əliyev: Tək onu günahlandırmaq olmaz - MÜSAHİBƏ
22.03.2014 - 00:00
Rauf Əliyev: Tək onu günahlandırmaq olmaz - MÜSAHİBƏ

 

“Bakı” klubunun futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- Zədə üzündən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Rəvan”a qarşı keçirilən matçda iştirak edə bilmədiniz. İndi durumunuz necədir?

- Hələ tam sağalmamışam. Təəssüf ki, bazar günü AZAL-a qarşı da oynaya bilməyəcəyəm. Ancaq gələn həftə hazır olacağam.

 

- “Rəvan”la dueli tribunadan izləyirdiniz və çox həyəcan keçirdiyiniz hiss olunurdu...

- Elədir, kənardan baxmaq mənim üçün çətindir. Adam oynayanda fikri mübarizədə olur, həyəcan keçirtmir. Amma tribunada olanda bir yerdə dura bilmirsən, hər epizoda reaksiya göstərirsən.

 

- Kubokda mübarizəni dayandıracağınızı təxmin edirdiniz?

- Əlbəttə, yox. Axı, səfərdə keçirdiyimiz ilk matçda qalib gəlmişdik. Yarımfinala yüksəlmək üçün cavab qarşılaşmasında heç-heçə də kifayət idi. Üstəlik, öz meydanımızda heç də pis təsir bağışlamadıq. “Rəvan”dan üstün oynadığımızı söyləyə bilərəm. Lakin elə alındı ki, rəqib son dəqiqələrdə qol vurdu, penaltilər də isə bəxt onların üzünə güldü.

 

- Sizin yerinizə oynayan Marius Pena barədə nə deyə bilərsiniz?

- Pena Azərbaycana gələn ən yaxşı 3-4 hücumçudan biridir. Sadəcə olaraq, uzun müddət oynamadığından ona bir qədər çətin oldu. Lakin pis çıxış etmədi. Birdə ki, məğlubiyyətə görə tək onu günahlandırmaq olmaz. Ümumiyyətlə, uşaqları qınamıram, əllərindən gələni etdilər. Sadəcə, bəxtimiz gətirmədi.

 

- Kubokda mübarizəni dayandırdığınızdan avrokuboka düşmək üçün ümidinizi çempionatadır. Bu baxımdan şansınızı necə qiymətləndirirsiniz?

- Bəli, indi hökmən çempionatda uğur qazanmalıyıq. Hazırda 42 xalla 5-ci pillədə olsaq da, 3-cü sıradakı “Qəbələ”dən cəmi 2 xal geri qalırıq. Yəni, fərq cüzidir, hər şey öz əlimizdədir. “Bakı” avrokuboka vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələcək potensiala malikdir. Əminəm ki, bunu bacaracağıq.

 

- Topaz Premyer Liqasının növbəti – XXVII turunda AZAL-ın qonağı olacaqsınız. “Təyyarəçilər” bu görüşə yeni baş məşqçinin – Tərlan Əhmədovun rəhbərliyi altında çıxacaqlar. Bu dəyişiklik sizin lehinizə, yoxsa əleyhinizə olan amildir.

- Adətən, baş məşqçi dəyişikliyi komandalara müsbət təsir edir və ilk oyunda qalib gəlirlər. Bu mənada, bizimlə oyun ərəfəsində AZAL klubunda baş məşqçi dəyişikliyinin əleyhimizə olduğunu düşünürəm. Üstəlik, kubok matçının yorğunluğu var. Bu tur uşaqların üzərinə böyük yük düşəcək. Bizi çətin oyun gözləyir.