Rauf Əliyevin “Xəzər Lənkəran”a keçidi alınmır
05.07.2014 - 20:16
Rauf Əliyevin “Xəzər Lənkəran”a keçidi alınmır

“Oğuz Çətin özünü narahat hiss edib. Bu səbəbdən xəstəxanaya baş çəkərək, tibbi-müayinədən keçib. Çox güman ki, qəbul etdiyi qidadan zəhərlənib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

 

Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan “ağ-yaşıllar”ın baş məşqçisi Oğuz Çətinin səhhətində problem yaranmışdı. Türkiyə mətbuatı onun hətta infarkt keçirdiyini yazsa da, sonradan mütəxəssis qidadan zəhərləndiyini və heç bir probleminin olmadığını bildirmişdi. 

 

Elə Nadirov da əməkdaşımızla söhbətində hər gün Çətinlə müntəzəm əlaqə saxladıqlarını və hazırda onun komandanın başında olduğunu vurğulayıb: “Hazırda onun səhhətində ciddi bir şey yoxdu. Oğuz bəy komanda ilə birgədi”.

 

Növbəti həftənin əvvəllərində hazırlıqların ikinci hissəsini davam etdirmək üçün Türkiyədən Sloveniyaya yollanacaq cənub təmsilçisinin “Bakı”nın futbolçuları – Rauf Əliyevlə Əfran İsmayılovu heyətə qatacağı gündəmə gəlib. Amma Nadirov həmin futbolçulardan yalnız biri ilə maraqlandıqlarını etiraf eləsə də, danışıqların uğursuzluqla yekunlaşdığını söyləyib.

 

“Düzdü, həm Rauf Əliyevlə, həm də “Bakı” rəhbərliyi ilə danışıqlarımız olmuşdu. Amma danışıqlar sonda uğursuz alındı. Ona görə ki, Raufun “Bakı” ilə bağlılığı var, bu kluba məxsusdu” – deyə, Nadirov bildirib. 

 

“Bakı” rəhbərliyinin komanda üzvlərinə uzun müddətdi maaş vermədiyi bütün futbol ictimaiyyətinə bəllidi. Futbolçular əvvəl bunu gizli saxlamağa çalışsalar da, son vaxtlar mətbuata müsahibələrində az qala 6 aydı pul üzünə həsrət qaldıqlarını, maddi vəziyyətlərinin çətinləşdiyini bildiriblər. Legionerlərdən bəziləri çıxış yolu kimi ümidini FİFA-ya, yerli futbolçular isə AFFA-ya bağlayıb.

 

“Bakı”dakı vəziyyətlə tanış olan AFFA rəsmiləri isə vəziyyətdən çıxış yolu kimi futbolçulara azad agent statusu verilməsinin tərəfdarıdı. Elə “Bakı”dakı problemlərdən bezdiyini çəkinmədən dilə gətirən Əliyev də azad agent statusu almaq arzusundadı. Amma assosiasiya futbolçulara azad agent statusu verəcəyi təqdirdə belə, Əliyevin “Xəzər Lənkəran”a transferi baş tutmaya bilər:

 

“Rauf kimi futbolçunu hər bir iddialı klub heyətində görmək istəyər. Amma hazırda o, “Bakı”ya məxsusdu. “Bakı”dan bizə bildiriblər ki, baş məşqçi Milinko Pantiç Əliyevi heyətdə saxlamaq istəyir və onu buraxmaq fikirləri yoxdu. AFFA-nın futbolçulara azad agent statusu verəcəyinə gəlincə, assosiasiya nə vaxt bu barədə qərar verərsə, bundan sonra Əliyev bizimlə danışıqlar apara bilər. Amma bir məqam var: Azad agent statusu alan futbolçular “Xəzər Lənkəran”a və “Xəzər Lənkəran”ın şərtlərinə razıdılar ya yox? Bundan da çox şey asılıdı. Əgər şərtlərimiz onları qane eləsə, onda heyətimizdə görərik. Hazırda isə ortada heç bir şey yoxdu”.