Braziliyalı futbolçu millinin heyətində Azərbaycana qarşı oynamaq istəyir
24.09.2014 - 14:15
Braziliyalı futbolçu millinin heyətində Azərbaycana qarşı oynamaq istəyir

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığmasının heyətində yeni sima peyda ola bilər. Apasport.az saytının məlumatına görə, “Yuventus”un heyətində bu il debüt edən Romulonun milliləşdirilməsi gündəmə gəlib.

 

27 yaşlı yarımmüdafiəçi oktyabrın 10-da Azərbaycanla qarşılaşacaq “Skuadra Adzurra”nın şərəfini qorumaq arzusunu açıqlayıb. Baş məşqçisi Antonio Konte ilə də danışmaq niyyətində olan cənubi amerikalı milliləşdirilməsini istəyir: “Konte vaxtilə məni “Yuventus”a gətirmək istəyirdi. Bu isə o deməkdi ki, oyunum onun xoşuna gəlir. Düzdür, Braziliya millisinin baş məşqçisi Dunqa da məni izləyir və yığmaya çağıra bilər. Amma mən seçim etməli olsam, İtaliyaya üstünlük verəcəm”.

 

Qeyd edək ki, 2012-ci ildən İtaliyada çıxış edən Romulo “Fiorentina” və “Verona”da çıxış edib. Hazırda müqavilə ilə sonunculara məxsus olan yarımmüdafiəçi icarə əsasında Turin klubunda oynayır.