Ronaldo ilə Reynaldonun fərqi
06.08.2014 - 12:11
Ronaldo ilə Reynaldonun fərqi

2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin 7 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını tərtib edib.


Braziliyada keçirilən dünya çempionatı və avrokubokların ilk 5 həftəsi bombardirlər cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Lakin bunlar siyahının üst sıralarına təsir etməyib.

 

Belə ki, Qana millisinin futbolçusu Asamoa Qyan zirvədə qalıb. O, bu il yığmada vurduğu 3, “Əl-Ayn”da (BƏƏ) 10 qolla ümumi hesabda 13 topla 1-cidir. Portuqaliyalı Kriştianu Ronaldo 11 qolla 2-cidir. O, millidə 3, İspaniya “Real”ının heyətində 8 dəfə sevinib. Braziliya yığmasında 8, İspaniya “Barselona”sında 1 dəfə fərqlənən Neymar 9 qolla 3-cüdür. Bu göstəricidə ona çatan Kərim Benzema (Fransa, “Real”) və Robin van Persi (Hollandiya, “Mançester Yunayted”) yalnız millidəki qol sayının azlığından 4-cüdür. Onlar yığmada 6, klubda 3 dəfə fərqlənib.

 

Qeyd edək ki, tərtib olunan siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 6 qol vuranlar daxil olub. Cədvəldə 32 oyunçu yer alıb. Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstəriciyə malik 4 futbolçu isə hərəyə 2 qol vurduğundan siyahıya düşməyib. Bunlar Baçana Sxadadze (“İnter”), Reynaldo, Çumbinyo, Danilo Diasdır (hamısı “Qarabağ”).