2014-cü ilin ən məhsuldar futbolçuları bəlli olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk 4 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını açıqlayıb.
Tərtib olunan siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 5 qol vuranlar daxil olub. Siyahıda 26 oyunçu yer alıb.
Ötən ayla müqayisədə siyahıda ciddi dəyişikliklər qeydə alınıb. İlk növbədə liderin dəyişməsi diqqət çəkir. Apreldə İspaniya “Real”ının heyətində avrokuboklarda 3 qola imza atan portuqaliyalı Kriştianu Ronaldo zirvəni ələ keçirib. Millidə 2, klubda 7 dəfə fərqlənən ulduz futbolçu 9 qolla planetin ən yaxşısıdır.
İkinci pilləyə ispaniyalı Xuan Belenkoso yüksəlib. O, “Kitçi” (Honkonq) ilə Asiya klub turnirində 8 qola imza atıb.
Ötən ay 1-ci pillədə olan mərakeşli Muhsin Yajur 3-cü pilləyə enib. Millidə 2, “Raca Kasablanka”da 5 dəfə fərqlənən afrikalı son 1 ayda qol hesabını artıra bilməyib.
Qeyd edək ki, ilin arxada qalan hissəsində Azərbaycan təmsilçiləri yalnız 1 qol vurub. Bu yeganə qolu milimizin Filippinlə görüşündə Elvin Yunuszadə vurub.