Rövnəq Abdullayev: Bu, böyük qələbədir
08.08.2014 - 00:06
Rövnəq Abdullayev: Bu, böyük qələbədir

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə “Çixura” ilə qarşılaşan “Neftçi” 3:2 hesabı ilə qələbə qazandı. Oyunu izləyənlər arasında olan AFFA prezidenti Rövnəq Abdullayev matç başa çatdıqdan sonra təmsilçimizin üzvləri ilə görüşüb və onlara pley-off mərhələsində uğurlar arzulayıb.

 

- Oyunla bağlı fikrinizi bilmək istərdik...

 

- Yaxşı, maraqlı oyun izlədik. Komandamız oyunu ilə bizi sevindirdi. Amma qarşıda pley-off oyunları var. Azərbaycan futbolu tarixində ilk dəfə 2 komandamız eyni vaxtda pley-off mərhələsində iştirak edəcək. Etiraf edək ki, çətin oyunlar olacaq. Dünən “Qarabağ”ın da oyununu izlədim. “Qarabağ” uduzsa da, yaxşı çıxış etdi. Ancaq rəqibimiz çox güclü idi və səviyyə fərqi öz sözünü dedi. Oyundan sonra “Qarabağ”ın üzvləri ilə də görüşdük və onlara pley-off mərhələsində də uğurlar arzuladıq.  

 

- Qeyd etdiyiniz kimi, ilk dəfə iki Azərbaycan klubu eyni mövsümdə pley-off oyunlarına çıxacaq...

 

- Bu, böyük qələbədir.

 

- “Neftçi” cari mövsümdə ikinci dəfədir mərhələni səfərdə keçir. Təmsilçimizin səfər komandası imici formalaşdırdığını düşünmək olarmı?

 

- Bu, sevindirici haldır. Deməli, artıq səfərdə də oynamağı bacarırıq. Hansısa psixoloji gərginlik yaşamırıq.

 

- “Neftçi”nin Tiflisdəki qələbəsi burdakı azərbaycanlılar üçün ikiqat bayram oldu...

 

- Burda da “Neftçi”nin azarkeşlərinin olduğuna əminik. Pley-offda da komandalarımızın uğurla çıxış edəcəyinə inanırıq.