Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində baş tutan “Qarabağ” – “Valletta” qarşılaşmasını stadiondan izləyən AFFA-nın prezidenti Rövnəq Abdullayev daha sonra futbolçularla görüşüb. Apasport.az saytının məlumatına görə, oyunçulara təbriklərini çatdıran və uğurlu çıxışın davamının gəlməsini arzulayan qurum rəhbəri jurnalistlər üçün brifinq keçirib.
- Oyunla bağlı təəssüratlarını bilmək istərdik.
- Böyük qələbədir. Bu nəticə Çempionlar Liqasında klublarımız üçün yeni rekord oldu. Böyük hesablı qələbənin əldə edilməsi münasibəti ilə futbolsevərləri təbrik edirəm. İnanıram ki, “Qarabağ” növbəti mərhələni də adlayacaq. Təmsilçimizin qrup mərhələsinə yüksələcəyinə inanıram. Onlar Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla da rekord vuracaqlar.
- Bəzi epizodlarda rəqib komandanın üzvləri futbolçularımıza qarşı kobud, aressiv oynayırdılar. Həmin anda hansı hissləri keçirirdiniz?
- Futbolda belə şeylər olur. Uduzan komanda adətən çığallıq edir. Ancaq buna baxmayaraq, “Qarabağ” həm səfərdə, həm də evdə yaxşı oyun nümayiş etdirdi.
- Sabah (bu gün-red.) Ağdam işğal günüdür. Bu qələbənin yerinə düşdüyünü söyləmək olarmı?
- Bayaq futbolçularla görüş zamanı da bu məsləyə toxunduq. Ağdamın icra başçısı da oyunu izləyirdi. Bu qələbə qarabağlılar, ağdamlılar üçün bir məlhəm oldu. Buna görə futbolçulara çox sağ olun, deyirəm.
- Növbəti oyundakı rəqib “Zalsburq”dur. Bu oyundan nə gözləyirsiniz?
- Rəqib Avstriya çempionudur. Güclü komandadır. “Qarabağ” bu mərhələni də keçmək üçün ciddi hazırlaşacağını düşünürəm.
- Bu həftə Avropa Liqasında çıxış edən komandalarımız da meydana çıxacaqlar. Onlardan hansı nəticəni gözləyirsiniz?
- “İnter” səfərdə qələbə qazanıb. Doğma meydanda da bu üstünlüyü qoruyacağına inanıram. “İnter”in də Avropa Liqasının qrupuna düşmək şansı böyükdür. “Neftçi” isə doğma meydandakı məğlubiyyətin əvəzini çıxa bilsə, bu nəticələr futbolumuz adına böyük irəliləyiş, uğur olacaq.
- Siz “Neftçi”yə sponsorluq edən şirkətin rəhbərisiniz. Amma “Neftçi” – “Koper” oyununda sizi görmədik. Səbəbini deyə bilərsinizmi?
- Sponsorluq etmək, hansısa kluba azarkeşlik etmək deyil. Mən Azərbaycan futbolunun azarkeşiyəm. Düzdür, bir müddət “Neftçi”nin prezidenti oldum, amma indi bu klubun rəhbəri deyiləm. Sponsorluq etmək isə şirkət rəhbəri kimi bizim borcumuzdur.
- “Qarabağ” – “Valletta” qarşılaşmasını izləmək üçün stadiona kifayət qədər azarkeş gəlmişdi. Bu azarkeş qıtlığının aradan qaldırılması anlamına gəlirmi?
- Açığı azarkeşlərdən narazıyam. Komanda 4:0 hesabı ilə qələbə qazanır, artıq 76-cı dəqiqədən başlayaraq azarkeşlər stadionu tərk edir. Halbuki oyunun ən maraqlı anlarıdır. Dünya çempionatı uduzan yığmalara azarkeşlərinin necə dəstək verdiyini ortaya qoydu. Biz isə qələbə qazandığımız matçı sona qədər izləmir, yarımçıq çıxıb gedirik.
- Gələn həftə “Zalsburq”la oyunda necə, Sizi stadionda görə biləcəyik?
- Mütləq.