Rüfət Dadaşov yenə qol vurdu
22.04.2014 - 10:01
Rüfət Dadaşov yenə qol vurdu

Millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXIX turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” “Ulm 1846”nın qonağı olub.

 

1049 azarkeşin izlədiyi qarşılaşma “Kayzerslautern”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Son 2 turda 7 dəqiqəlik çıxışla yadda qalan Rüfət bu dəfə 25 dəqiqə meydanda olub. Belə ki, o, 65-ci dəqiqədə Mario Mülleri əvəzləyib.

 

Futbolçumuz Yan-Lukas Dorovun ötürməsini 83-cü dəqiqədə qolla tamamlayıb. Bu, komandasının oyunda 3-cü qolu olub. Qələbə sayəsində xalını 51-ə yüksəldən “Kayzerslautern”in II komandası sona 5 tur qalmış yenə IV sıradadır.

 

Qeyd edək ki, Rüfət Dadaşov mövsümün ilk oyununda (2:0) da Ulm təmsilçisinə qol vurmuşdu. Onda 79-cu dəqiqədə meydana çıxan futbolçumuz ilk toxunuşundaca fərqlənməyi bacarmışdı.