Ruslan Abışov “beşlik” klublarının hədəfində
01.05.2014 - 13:45
Ruslan Abışov “beşlik” klublarının hədəfində

Millimizin futbolçusu Ruslan Abışov karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, müqavilə ilə Rusiyanın “Rubin” klubuna məxsus olan müdafiəçi böyük ehtimalla yayda vətənə qayıdacaq.

 

Buna təkan verən iki əsas səbəb var.

 

Birincisi, Ruslan yığmanın üzvü olduğundan və bir neçə il əvvələdək böyük perspektiv vəd etdiyindən Kazan təmsilçisindəki durumu onu razı salmır. Bu üzdən də müdafiəçi heyətinə düşə bilmədiyi “Rubin”dən ayrılmaqda maraqlıdır. Onun Vətənə qayıtmayıb, digər kluba keçməsi də mümkündür ki, bu məsələ yaxın günlərdə bəlli olacaq.  

 

Digər tərəfdən, Azərbaycan klubları az qala kütləvi şəkildə ona elçi düşüblər. Əla, oturuşmuş heyətə malik və bunun nəticəsində Topaz Premyer Liqasında “at oynadan”, heyətində kifayət qədər yerli futbolçusu olan “Qarabağ” bu siyahıda istisnadır. Lakin avrokuboklar iddiasında olan “beşlik”dəki digər klublar – “Neftçi”, “Bakı”, “İnter” və “Qəbələ” Abışovun transferində maraqlı olduqlarını hiss etdiriblər.

 

Əslində, bu da səbəbsiz deyil. Həm Ruslan səviyyəsində futbolçu istənilən komandamıza faydalı olacaq, həm də legioner limitinin artırıldığı çempionatımızda belə yerli oyunçu yalnız tapıntı sayıla bilər. “Neftçi” və “Bakı” bu məsələdə o qədər də şanslı görünmürlər. Maddi böhranla üzləşən paytaxt təmsilçilərinin yüksək ödənişli futbolçu transfer edəcəyi inandırıcı deyil.

 

Təbii ki, turnir cədvəlinin ikinci yarısında yer alan klublar da Abışovdan imtina etməz. Bu “beşlik”dən yalnız “Xəzər Lənkəran” Rusiyaya göndərdiyi Ruslanı geri qaytarmaq gücündədir. Lakin cənublular indi bunda maraqlı deyil. Bunun da səbəbi var.

 

Birincisi, cənub təmsilçisində yaxşı bilirlər ki, Abışovun avrokuboklarda oynamayacaq kluba keçməyə razılıq verməz. İkincisi, “Xəzər Lənkəran” 5 ay əvvəl onlara “yox” deyən müdafiəçiyə yenidən elçi düşmək istəməz. Axı, qış fasiləsində Mustafa Dənizlinin israrla heyətə qatmaq istəməsinə baxmayaraq, klub rəhbərliyi Abışovu transfer edə bilməmişdi.

 

O vaxt Rusiyadan Lənkərana qayıtmaq istəmədiyini bildirən futbolçunun qısa zamanda fikrini dəyişməyəcəyini düşünən əyalət təmsilçisi bu üzdən də yenidən danışıqlara start verməyəcək.