Ruslan Abışov: "Şiroki Briyeq" bizdən güclü idi - MÜSAHİBƏ
03.07.2014 - 23:55
Ruslan Abışov: "Şiroki Briyeq" bizdən güclü idi - MÜSAHİBƏ

“Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bosniya "Şiroki Briyeq"inə uduzduqları (0:2) oyunu şərh edib. Apasport.az saytının xəbərinə görə, o, cavab matçında çətin olsa belə, nəticə qazanmağa çalışacaqlarını deyib:

 

 - Oyunla bağlı nə deyə bilərsiniz?
- Komanda gec toplaşmışdı. Baş məşqçinin gec bilinməsi də öz sözünü dedi. Yoxlama oyunları keçirsək də, bu gün ikinci hissənin son 20 dəqiqəsində elə də yaxşı təsir bağışlamadıq. Evdə oynadığımızdan, qalib gəlmək istəyirdik. Amma yenə də özümüzü itirməmişik. Səfərdə oyunumuz var. Çalışacağıq ki, həmin qarşılaşmada dönüş yaradaq. Son 6 ayda 90 dəqiqə oynamamışdım. Bu da öz mənfi təsirini göstərdi. Ancaq zaman keçdikcə daha yaxşı olacağam. Bacardığım qədər komandama kömək etməyə çalışacam.

 

- 0:2 hesablı məğlubiyyətin revanşını almaq mümkün olacaqmı?
- Çətin olacaq. Yenə deyirəm, sona yaxın yaxşı təsir bağışlamadıq. Amma ümidimizi üzmürük. Biz ora gəzməyə getməyəcəyik.
 

- Ehtiyat qüvvənin azlığı necə, təsir etdimi?
- 11 futbolçumuz var. Bütün yük onların üzərinə düşür. Bu gün hiss olundu. İkinci hissədə oyunu dəyişə biləcək futbolçumuz yoxdur. Artıq hər şeyi unutmalıyıq.


- Cavab oyununa ümidlə yollanacaqsınız?
- Yenə güc bizim üzərimizə düşəcək. Əlimizdən gələni edəcəyik.


- Bir həftə ərzində nəyi dəyişəcəyinizə ümid edirsiniz?
- Komandada oyunçu azdır. Ehtiyat oyunçumuz çox olsaydı, işimiz yaxşı olardı. Amma sona qədər mübarizə aparacağıq.

 

- Bir sözlə, bugünkü məğlubiyyətin səbəbi heyətin komplektləşməməsi ilə bağlıdır?
- İkinci hissədə rəqib bizdən güclü idi. Hazırlığa gec başladıq. Yoxlama oyunları da az oynadıq. Futbolçularımızın yorulduğu hiss  olunurdu. Ancaq ümidimizi itirmirik. Onlar burda etdiyini biz də orda edə bilərik. Səfər oyununda dönüş yaratmaq mümkündür.


- Millinin məşqçisi Mahmud Qurbanov yığmanın oyunçularının çıxışından razı qalmadığını dedi...
- Mövsümün əvvəlidir. Tədricən hamımız formaya düşəcəyik.