[b]Ruslan Qurbanov: “Hayduk”a keçidim mənim üçün tramplindi - MÜSAHİBƏ[/b]
14.02.2015 - 15:05
[b]Ruslan Qurbanov: “Hayduk”a keçidim mənim üçün tramplindi - MÜSAHİBƏ[/b]

Xorvatiyanın “Hayduk” klubunda icarə əsasında çıxış edəcək “Neftçi”nin futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi.

 

- “Hayduk”dan nə vaxt təklif gəldi?

- 2-3 gün əvvəl. “Neftçi”yə rəsmi təklif göndərdilər ki, mənimlə müqavilə imzalamaq istəyirlər.

 

- “Hayduk”un məşqçilər korpusu oyununuzu izləyib, yoxsa millinin baş məşqçisi Robert Prosineçki sizi həmyerlilərinə məsləhət görüb?

- Oyunumu harda gördüklərini bilmirəm. Prosineçkinin onlara mənim barədə nəsə deyib-demədiyindən də xəbərsizəm. Əsas odu ki, artıq “Hayduk”un oyunçusuyam və buna çox sevinirəm. Məni buraxdıqları üçün “Neftçi” rəhbərliyinə təşəkkür edirəm.

 

- Yeni komandanızın düşərgəsinə nə vaxt qoşulacaqsız?

- Bu günlərdə qoşulacam. Viza ilə bağlı problemlə üzləşdim, nəticədə gedişim ləngidi. Amma bu problem həll olunandı. Tezliklə Xorvatiyada olacam.

 

- Xorvatiya çempionatında oynamaq sizin üçün çətin olmayacaq ki?

- Nəyə görə çətin olmalıdı ki? Bu, Avropaya getmək mənasında, mənim üçün tramplindi. Öz üzərimdə daha çox çalışmalıyam. İnşallah, hər şey mənim üçün yaxşı olacaq. Hər cür çətinliyə hazıram. Çünki hər çətinlikdən sonra rahatlıq gəlir.

 

- “Hayduk”un sizi birdəfəlik transfer etməməsinin səbəbi nədi?

- Onların istəyi belə oldu. Yayda yenidən danışıq masası arxasında əyləşib, bütün detalları müzakirə edəcəyik.

 

- Yeni komandanız barəsində Robert Prosineçki ilə söhbətiniz olubmu? Sizə məsləhətlər verib?

- Bəli, Prosineçki ilə danışmışam. Dedi ki, “Hayduk” yaxşı klubdu və bu mənim üçün böyük futbola atılmaq mənasında yaxşı imkandı. Məhz Prosineçki ilə məsləhətləşdikdən sonra bu təklifi qəbul etdim. Mənə “Hayduk” barəsində ətraflı məlumat verdi və öz üzərimdə çox çalışmağı məsləhət gördü. Dedi ki, bunu etsən, səndə hər şey alınacaq.

 

- “Hayduk”un heyətində legioner futbolçu o qədər də çox deyil. Komandada çıxış edən əcnəbilərdən ən təcrübəlisi Artyom Milevskidi...

- Bəli, bütün bunlardan xəbərdaram. Milevskini Kiyev “Dinamo”sundakı çıxışından tanıyıram. Çox güclü futbolçudu. Sevinirəm ki, onunla eyni komandada oynayacam.

 

- “Hayduk” ölkə çempionatında 3-cü yerdə qərarlaşıb. Bu isə o deməkdi ki, Xorvatiyada medal qazanmaq şansınız var...

- Buna çox sevinərəm. “Hayduk”un heyətində Xorvatiya çempionatının mükafatçısı olsam, mənim üçün əla olardı.

 

- Keçən dəfə saytımıza açıqlama verərək, Rusiyadan təklif aldığınızı demişdiz. Daha o variant keçərli deyilmi?

- Həqiqətən də, Rusiyadan təklifim var. Həmin komanda Premyer Liqada çıxış edir. Amma indiki məqamda “Hayduk”da oynamaq istəyirəm. Sonra necə olacağını, hansı kluba keçəcəyimi yalnız Allah bilir.

 

- “Neftçi” ölkə çempionatında 3-cü dövrəyə pis başladı. Sizin gedişinizdən sonra komandanın işinin daha da çətinləşdiyini demək olarmı?

- “Neftçi”də məndən başqa da yaxşı oyunçular var. Mənim yoxluğumda “Neftçi” üçün çətin olmayacaq. Çünki əvəzolunmaz futbolçu yoxdu. İnanıram ki, “Neftçi” Azərbaycanın ən yaxşı komandası olduğunu sübuta yetirəcək. Bu klubun güclü və sadiq azarkeş ordusu var. “Neftçi”nin bütün oyunlarını izləyəcəm. Arif Əsədov yaxşı məşqçidi. İnanıram ki, qarşısında duran vəzifənin öhdəsindən gələ biləcək.

 

Tengiz MƏMMƏDOV