“Xəzər-Lənkəran”la oyun asan olmadı. Erkən qol bizə çox kömək etdi. Bundan sonra daha inamla oynamağa başladıq”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in qapıçısı Səlahət Ağayev deyib.
O, klubun saytına Topaz Premyer Liqasının XXXIII turunda baş tutacaq “Sumqayıt”la oyun haqqında da fikirlərini bildirib: “Ümumiyyətlə, son 3 turda biz “Neftçi”, “Bakı” və “Xəzər-Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq və belə iddialı komandalarla görüşlərdə 100 faizlik nəticə qazanmaq əladır. İndi bizi “Sumqayıt”la qarşılaşma gözləyir. Etiraf edim ki, bu komandayla oyun çətin olacaq. Mən bir müddət “Sumqayıt”ın heyətində çıxış etmişəm və bilirəm ki, bu oyunçular 90 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu komanda yaxşı hücuma keçən gənc futbolçulardan ibarətdir. Onlar bunu ötən oyunlarda da göstərdilər. Biz bu oyuna səylə hazırlaşırıq və özümüzü yaxşı tərəfdən göstərməyə calışacağıq”.