Topaz Premyer Liqasının XXXIV turunda lider “Qarabağ”la qarşılaşacaq “İnter” klubunun qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Komandanız bu gün çempionatın lideri ilə qarşılaşacaq...
- Çətin olacağını bilirik. Ciddi hazırlaşmışıq. Hamı matçın çətin olmaqla yanaşı, maraqlı keçəcəyini düşünür. Bu matç hər iki komanda üçün çox vacibdir. Azarkeşlərin baxımlı oyuna şahidlik edəcəyini düşünürəm.
- “Qarabağ” qələbə sayəsində çempion olacaq. Bu, psixoloji baxımdan sizə necə təsir edir?
- Düzdür, “Qarabağ” baxımlı oyun nümayiş etdirir, çempionluğa layiqdir. Amma kimin qalib gələcəyini bilmək olmaz. “Qarabağ”ı yensək, bizim də şansımız artacaq. Hər şey 90 dəqiqənin tamamında bəlli olacaq.
- “İnter”in 3 xal qazanmağa gücü çatacaq?
- Bu, hər 2 komanda üçün “Qızıl oyun” olacaq. Heç kim meydana uduzmaq üçün çıxmır. Oyunumuz alınarsa, sevinən tərəf biz olacağıq. İstənilən halda, bir məqsədimiz var - qələbə qazanmaq.
- Vacib oyun ərəfəsində baş məşqçiniz Kaxaber Sxadazenin mövsümün sonunda postundan ayrılacağı xəbəri yayılıb...
- Biz də mətbuatdan oxumuşuq. Ancaq onun hərəkətlərindən nəsə hiss etməmişik. Nə onda, nə də komanda üzvlərində ruh düşkünlüyü yoxdur. Əksinə, daha həvəslə məşq keçir, münasibətlər də qaydasındadır.
- Cari mövsüm “Qarabağ”ı məğlub edə bilməmisiniz. Bu məğlubiyyətlərdən hansı nəticəni çıxarmısınız?
- “Qarabağ”la eyni gücdəyik. Biz “Qarabağ”a qarşı necə oynamaq lazım olduğunu bilirik.
- “İnter” mövsümü gümüş medalla başa vursa, bunu uğur saymaq olar?
- Çempionatın əvvəli ilə müqayisədə bəli. Çünki 6 oyundan 5-də məğlub olmuşduq. Sonuncu pilləyə enmişdik. İndi isə ikinci pillədəyik. Ancaq çempion olmaq şansımız da tükənməyib. Halbuki, çempionatın I dövrəsində avrokuboklara vəsiqə qazanacağımıza belə ümidimiz yox idi. Çünki yeni transferlər komandaya uyğunlaşa bilməmişdi, nəticələr isə zəif idi. Üçüncü dövrədən sonra toparlandıq və ikinci pilləyə qədər yüksəldik.
- Mövsümün sonunda müqaviləniz başa çatır. Yeni danışıqlara başlamısınız?
- Hələ heç bir klubla danışıq aparmamışam. Komandadan da təklif yoxdur. Ümumiyyətlə, 6-7 futbolçu ilə müqavilə başa çatır. Bəlkə “Qarabağ”la oyundan sonra danışıqlar olsun.
- Növbəti mövsüm limitlə əlaqədar yerli futbolçulara tələbat artacağından başqa klublar da xidmətinizdə maraqlı ola bilər...
- Açığı təklif olsa belə, “İnter”də qalmaq istəyirəm.