Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA yarışın arxada qalan hissəsi ilə bağlı statistik göstəriciləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, liderlər sırasında Azərbaycan təmsilçisi də yer alıb.
“Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyov qapı istiqamətində ən çox zərbə vuran futbolçulardan biridir. Futbolçu keçirdiyi 7 qarşılaşmada ümumilikdə 23 dəfə qapını nişan alıb.
Legioner 9 dəfə çərçivəyə düşübsə, 7 dəfə qapını dəqiq nişan ala bilməyib. Onun 6 zərbəsi isə müdafiəçilər tərəfindən dəf edilib. Zenyovun dirək və ya tirdən sönən zərbələr xanasına da 1 yazdıra bilib.
Sergey 23 zərbə ilə “Top-10”da qərarlaşıb. Yalnız 6 futbolçudan geri qalan təmsilçimiz 7-10-cu yerləri bölən 4 oyunçudan biridi. Liderlər Markus Neumayr (“Vaduts”, Lixtenşteyn) və İsael (“Kayrat”, Qazaxıstan) 26 dəfə zərbə endiriblər.
Çərçivəyə 9 dəfə düşən hücumçu bu göstəricidə də “Top-10”un son sırasına şərikdi. Belə ki, o, digər 4 oyunçu ilə 10-14-cü yerləri bölür.
Qeyd edək ki, təmsilçilərimiz arasında 14-cü olan Aleksey Antonovun hesabında 14 zərbə var.