“Barselona”nın dayaq yarımmüdafiəçisi Serxio Buskets gələcək karyerası ilə bağlı yekun qərarını verib. Apasport.az saytı xəbər verir ki, bir neçə klubun maraq dairəsində olan İspaniya millisinin üzvü Kataloniya təmsilçisində qalmağı qərara alıb.
Rəhbərliklə yeni müqavilənin detallarını razılaşdıran Buskets yaxın günlərdə bunu rəsmiləşdirəcək. Futbolçunun yeni anlaşması 2019-cu ilin yayına qədər olacaq. Müqaviləyə bunun sonradan daha 1 il müddətinə uzadılması maddəsi də əlavə ediləcək. İspaniya KİV-nin yaydığı məlumata görə, “Barsa” 27 yaşlı oyunçunun məvacibini də artıracaq və o, komandanın ən yüksək ödənişli futbolçularından biri olacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan və karyerası ərzində hələlik yalnız bu klubun formasını geyinən Serxio Buskets cari mövsümdə keçirdiyi 28 oyunda 1 qol vurub.