“Real”ın kapitanı Serxio Ramosun taleyinə aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təcrübəli müdafiəçi yeni müqaviləyə qol çəkib.
Ramos bir müddət əvvəl maaşının artırılmamasından narazı qalaraq, yeni sazişdən imtina etmiş və rəhbərliyi “Mançester Yunayted”ə keçməklə hədələmişdi. Lakin sonradan işə qarışan “kral klubu”nun prezidenti Florentino Peres 29 yaşlı oyunçunu razı sala bilmişdi. Nəhayət, bu gün İspaniya millisinin üzvü komandası ilə yeni 5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 2005-ci ildən “Real”ın formasını geyinən Serxio Ramos qapıçı İker Kasilyasın gedişindən sonra əsas kapitana çevrilib.