Simeone: Qələbənin necə əldə edildiyi vacib deyil
30.04.2014 - 06:12
Simeone: Qələbənin necə əldə edildiyi vacib deyil

 

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə qarşı keçirəcəkləri cavab görüşünü şərh edib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis “Çelsi”nin Madrid görüşü zamanı müdafiə futbolu oynamasını pisləməyib.

 

Simeone qələbəyə ümid hissinin onları tərk etmədiyini söyləyib: “Bu bizim hamımız üçün böyük hadisədir və oyunçularım döyüşə can atırlar. Biz çox gözəl anlayırıq ki, bizi çətin oyun gözləyir və qan-tər içində oynamalıyıq. Lazım olan nəticəni əldə etmək üçün maksimum oyun nümayiş etdirməliyik. Mən hər oyun barədə ayrıca düşünürəm və çox uzağa baxmamağa çalışıram. Əvvəllər nə əldə etdiyimizə sevinməyərək, sadəcə irəliyə getmək istəyirəm. Qoy inanılmaz 3 il ərzində hansı irəliləyiş əldə etdiyimizi jurnalistlər şərh etsinlər. Mən “Atletiko”nu 2 il əvvəl Çempionlar Liqasını qazanan “Çelsi” ilə müqayisə etmirəm. Necə olmasından asılı olmayaraq, həmişə güclü qalib gəlir. Gərgin əməyimiz və qələbəyə can atmağımız nəticəsində yaxşı oyun göstərmək və hətta qalib gəlmək iqtidarındayıq. Mən futbol adamıyam. Müxtəlif taktika və strategiyalara hörmətlə yanaşıram. Bu və ya digər rəqibə qarşı bu və ya digər oyunda optimal plan tapmaq ən vacibidir. Etibarlı müdafiə olunmaq asan deyil. Buna görə də, belə nəticəyə nail olan komandaya hörmətlə yanaşıram. Kəskin hücum da asan deyil. Buna görə də, komandası hücumda oynayan məşqçilərə hörmət edirəm. Futbol həmişə inkişaf edir. İdeal yol mövcud deyil. Çox şeyi məşqçidən də asılıdır: o, futbolçularla ayrı-ayrılıqda söhbət edir, müxtəlif taktiki sxemləri qurur və kombinasiyaları məşq edir. Amma hər şey son nəticədə komanda həll edir. Klub qalib gəlir və qələbənin necə əldə olunması vacib deyil. Futbol oynamağın vahid yolu yoxdur. Əgər hamı eyni cür oynasaydı, futbol maraqsız olardı. On müdafiəçi və ya on hücumçu ilə oynamaq olar. Amma hər şeyi nəticə müəyyən edir”.