“Neftçi”nin müdafiəçisi Slavik Alxasovun komandasının Türkiyənin Bolu şəhərindəki hazırlıqlarına qatılmamağını səbəbi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, ötən mövsümü “Xəzər Lənkəran”da keçirən futbolçu “ağ-qaralar”ın heyətində oynamaq fikrində deyil.
Yanvarda “Neftçi”dən cənub təmsilçisinə keçən Alxasov əzəli rəqiblər arasındakı razılaşmaya görə, “ağ-yaşıllar”a lazım olmayacağı təqdirdə sabiq klubuna dönməli idi. “Xəzər Lənkəran”ın heyətində heç də yaxşı mövsüm keçirməyən gənc müdafiəçi mövsüm başa çatan kimi “Neftçi”yə göndərilsə də, o, özü haqqında verilən qərardan narazı qalıb və bu səbəbdən paytaxt təmsilçisinin Boludakı təlim-məşq toplantısına getmək istəmir.
Alxasov saytımıza açıqlamasında “Neftçi”də oynamaq istəmədiyini bildirdi: “Fikrimi öyrənmədən məni “Neftçi”yə necə qaytara bilərlər? Bu, olur? Mən “Xəzər Lənkəran”da qalmaq istəyirdim. “Neftçi”də oynamaq fikrində deyiləm”.
Apasport.az saytına açıqlama verən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə Alxasovun başqa yolunun olmadığını və onu yetişdirən komandaya qayıtmalı olduğunu deyib: “Slavik futbol oynamaq istəyirsə, bizim komandaya gəlməlidir. Onu yetişdirən komandaya qarşı biganə davranmaq olmaz. Biz müdafiəçini “Xəzər Lənkəran”a verərkən belə bir razılıq olmuşdu ki, o, cənub klubuna lazım olmadığı halda “Neftçi”yə qayıdacaq”.