“Qalatasaray”ın futbolçusu Uesli Sneyder Hollandiya milli komandasının heyətində yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yığmanın heyətində dünya çempionatlarında ən çox oyun keçirən futbolçu olub.
Sneyder ilk dəfə 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında çıxış edib. O, bu çempionatda Hollandiya millisinin keçirdiyi bütün oyunlarda meydana çıxıb. Cənubi Afrika Respublikasındakı mundialda isə Sneyder 7 oyunda 5 qola imza ata bilmişdi.
Braziliyadakı dünya çempionatında isə futbolçu 5 oyunda meydana çıxıb. Kosta-Rika ilə 1/4 final oyunu onun dünya çempionatlarındakı 16-cı oyunu olub. Sneyder bununla da millinin tarixində dünya çempionatlarının finallarında ən çox oyun keçirən futbolçu olub.