“Biz bu oyunu böyük istəklə keçirdik. İnanılmaz qüvvə sərf edib, ürəklə oynamağın nəticəsini gördük”. Apasport.az saytının məlumatına görə, bunu “Zalsburq”un futbolçusu Stefan İlsanker Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan sonra deyib.
Dayaq yarımmüdafiəçisi 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O bildirib ki, diqtələri altında keçən matçda inamlı təsir bağışlayıblar: “Qarabağ”la görüşdə biz həqiqətən də qələbəyə layiq idik. Çünki xeyli sayda yaxşı imkanlar yaratdıq. Bunlardan yararlanıb, oyunun taleyini həll etməliydik ki, bunu da bacardıq”.
Qeyd edək ki, “Qarabağ” evdə 2:1 hesabı ilə qalib gəldiyindən yarışla vidalaşıb və Avropa Liqasının pley-offunda oynayacaq.