Suaresin dişlədiyi futbolçu cəzanın yüngülləşdirilməsini istədi
04.08.2014 - 20:18
Suaresin dişlədiyi futbolçu cəzanın yüngülləşdirilməsini istədi

 

“Yuventus”un və İtaliya millisinin müdafiəçisi Corco Kellini “Barselona”nın uruqvaylı hücumçusu Luis Suaresin 4 aylıq diskvalifikasiya müddətinin azaldılmasını xahiş edib. Apasport.az saytının məlumatına görə, Suares məhz Kellinini dişlədiyi üçün diskvalifikasiya olunub.

 

Xatırladaq ki, FİFA Suaresin istənilən futbol fəaliyyətindən 4 ay uzaqlaşdırılması, eləcə də Uruqvay millisinin 9 oyununu buraxması barədə qərar çıxarıb. Uruqvay Futbol Assosiasiyası qərardan şikayət etsə də, FİFA şikayəti rədd edib. Bundan sonra “Barselona” futbol klubu Lozannadakı İdman Arbitraj məhkəməsinə müraciət edib. Gözlənildiyinə görə, avqustun 8-də keçiriləcək dinləmədə Suaresin cəzası yüngülləşdirilə bilər.

 

Kellini bu insident barəsində dəfələrlə fikrini bildirdiyini vurğulayıb: “Mən Suaresin cəzasının yüngülləşdirilməsinin tərəfdarıyam. Düzdür, mənim fikrim nə FİFA-nın, nə də məhkəmənin qərarına təsir edə bilməz. Amma hesab edirəm ki, cəza həddən artıq sərt olub”.