Türkiyə çempionatının I liqasında əsas mərhələ başa çatıb. Apasport.az saytının məlumatına görə, XXXVIII tur Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin növbəti qolu ilə əlamətdar olub.
“Orduspor”un şərəfini qoruyan hücumçu “Şanlıurfaspor”la səfər matçında komandasının 2-ci qolunu vurub. 11-ci dəqiqədə fərqlənən Branimirin komandası bu görüşdə 4:3 hesabı ilə qalib gəlib. Subaşiç bu matçda 90 dəqiqə meydanda olub.
Bu qələbədən sonra 36 matçda 71 xal toplayan “Orduspor” mövsümü 3-cü pillədə başa vurub. “Balıkəsirspor”un liderliyi təmin edən “İstanbul BB”ni 2:1 yenməsi Branimirin komandasına 2-ci olmağa imkan verməyib. Nəticədə “Balıkəsirspor”lə “İstanbul BB” Superliqaya birbaşa vəsiqə qazanıb. “Orduspor” isə 3-cü vəsiqə uğrunda pley-off oynamalı olacaq.
Digər iki təmsilçimizin komandaları isə üz-üzə gəlib. “Qaziantep BB”nin formasında 90 dəqiqə meydanda olan Ufuk Budakdan fərqli, Davud Kərimi “Fəthiyəspor”a yenə lazım olmayıb. Adı “18-liy”ə daxil edilib ehtiyatda qalan qolkiper 2:0 hesablı qələbəyə şahid olub.
Qeyd edək ki, 38 xal toplayan “Fəthiyəspor” 19 komanda arasında 16-cı olub və bu nəticə ilə aşağı dəstəyə yuvarlanıb. Qaziantep təmsilçisi isə 41 xalla 14-cü olub.