Türkiyə çempionatının I liqasında XXXVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” 2-ci pillədə qərarlaşan “Ankaraspor”la qarşılaşıb.
3:1 hesabı ilə qalib gələn Ordu təmsilçisi xallarının sayını 68-ə çatdırıb. Branimirin komandası “Ankaraspor”u arxada qoysa da, Superliqaya birbaşa vəsiqə verən 2-ci pilləyə yüksələn “Balıkəsirspor”dan 2 xal geri qalır.
Lakin 3-cü olan “Orduspor” 4 komandanın qatılacağı pley-offda oynamadan da Superliqaya çıxa bilər. Çünki “Şanlıurfaspor”un qonağı olacaq Branimir və komandasının əsas rəqibi olan balıkəsirliləri daha çətin sınaq gözləyir. 2-ci pillənin sahibi aşağı dəstənin qalibi adını təmin edən “İstanbul BB”ni qəbul edəcək.
37-ci turun oyununa start heyətində çıxan Subaşiç bu dəfə də qol sevinci yaşayıb. Hücumçumuz 52-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Həmyerlimiz 90+2-ci dəqiqədə əvəzlənib.
Millimizin daha bir üzvü Ufuk Budak uzun fasilədən sonra meydana çıxıb. “Qaziantep BB”nin müdafiəçisi “Tavşanlı Linyitspor”la səfər oyunundakı 2:1 hesablı qələbəyə şahid olub. 90 dəqiqə meydanda olan Ufuk 7-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Digər həmyerlimiz Davud Kərimi isə yenə meydana çıxmayıb. “Fəthiyəspor”un qolkiperinın adı “18-liy”ə daxil edilsə də, “Boluspor” üzərində 2:0 hesablı qələbədə pay sahibi olmayıb.
Qeyd edək ki, 37 turdan sonra Kəriminin komandası 35 xalla 16-cı, Ufukun klubu isə 41 xalla 13-cüdür. 19 komandadan 4-ü 2-ci dəstəyə yuvarlanacağından Fəthiyə təmsilçisi təhlükəli zonada sayılır.