Türkiyə çempionatının I liqasında XXXIV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turun ilk 2 günündə qonşu ölkədə çıxış edən Azərbaycan futbolçularının komandaları da meydana çıxıb.
Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” səfərdə “Balıkəsirspor”la məhsuldar heç-heçə edib – 2:2. Millimizin sabiq hücumçusu bu görüşün 56-cı dəqiqəsində meydana çıxıb. Bu heç-heçədən sonra hər iki komandanın 64 xalı var və 2-3-cü yerləri bölür.
Ufuk Budak isə bu dəfə də “Qaziantep BB”nin oyununda iştirak etməyib. Müdafiəçi “Manisaspor”a ev məğlubiyyətini “18-lik”dən kənardan izləyib – 0:1.
Qeyd edək ki, daha bir həmyerlimiz Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” bu gün başa çatacaq turda istirahət edir.