“Bucaspor”un Subaşiçlə maraqlandığını Kayanın mənə telefonla zəng etməsindən sonra bilmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Manisaspor” klubunun prezidenti Abdullah Mergen deyib.
Millimizin sabiq hücumçusu Branimir Subaşiçin “Bucaspor”la anlaşıb qəflətən “Manisaspor”a keçməsi Türkiyənin iki I dəstə klubu arasında qalmaqala səbəb olub. İzmir klubunun prezidenti Hüsnü Kayanın “Subaşiçi qaçırdılar. Artıq “Manisaspor”la dostluğumuz bitdi” deməsinə qarşı tərəfdən cavab gəlib.
Mergen “Bucaspor”un Subaşiçlə anlaşmadığını, bunun menecerlərin oyunu olduğunu bildirib: “Ona “Subaşiçi almayacağıq” deməmişəm. “Anlaşdıq” dedikləri oyunçu niyə bizə gəlir? Deməli, anlaşa bilməyiblər... Biz də Mustafa Tiryaki ilə qarşılıqlı şəkildə görüşdük, anlaşdıq, ancaq futbolçu ertəsi gün “Göztəpə” ilə müqavilə bağladı. “Xeyirlisi olsun” dedik. “Bucaspor”un reaksiyasını başa düşmədim. Menecerlərin oyununa aldanmamaq lazımdır”.
Qeyd edək ki, Branimir Subaşiç iyulun 16-da “Manisaspor”la müqavilə bağlayacaq. Bunu da Manisa təmsilçisinin baş məşqçisi Tahir Karapınar deyib. Subaşiç yeni komandasının iyulun 18-dən Qartəpədə başlayacaq hazırlıqlarına qatılacaq.