“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixail Şumaxerin tibbi kartını oğurlamaqda şübhəli bilinən şəxs özünü asıb. Apasport.az saytının məlumatına görə, Şumaxerin xəstəlik tarixçəsi iyunun sonunda onun koma vəziyyətində saxlanıldığı Qrenobl xəstəxanasından oğurlanıb.
Tibbi kart oğurlanandan dərhal sonra Almaniya, Fransa və Böyük Britaniyanın bir neçə aparıcı qəzetinin poçt ünvanına Şumaxer barədə eksklüziv informasiyanı əldə etmək təklifi daxil olub. Cinayətkar tibbi kartın əvəzində 50 min avro tələb edib. Amma heç bir qəzet bu təklifə razılaşmayıb. Onların mövqeyinə Şumaxerin ailəsinin və vəkillərinin xəbərdarlığı da təsir edib. Vəkillər belə məlumatların açıqlanmasının qanunsuz olması və hüquqi tədbir görəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.
Bir qədər öncə tibbi kartı oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Cinayətkar həbsxanada özünü asaraq intihar edib.