“Hər iki hissədə rəqib qapısına hücumlar təşkil etdik. Lakin cəmi 1 qol vura bildik. 1-0 “sürüşkən” hesabdır, oyunun sonlarında hər şey ola bilərdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Rəvan”la oyundan sonra bildirib.
Hacıyev bildirib ki, “Rəvan” son kubok oyununda “Bakı”ya qalib gəldiyi üçün daha istəkli olub: “Bu səbəbdən də oyunun gərgin keçəcəyini bilirdim. Vacib 3 xalı qazandıq. Cavid İmamvediyev əvvəlki oyunlara nisbətən daha çox nəzərə çarpırdı. Potensialı daha yaxşı oynamağa imkan verir. Bahodır Nasimov əzələsini dartdı, tibbi müayinədən sonra dəqiq diaqnozu bilinəcək. Rəşad Sadiqov əvəzedici komandada oynamağa başlayıb, aldığım məlumata görə, yaxşı oynayır. İnanıram ki, sıralarımıza qayıdacaq. Amma “Xəzər Lənkəran”la oyunda heyətdə olacağı gözlənilmir”.