Bakının “İnter” klubunu Avropa Liqasının sabah keçiriləcək ilk oyununa çıxaracaq məşqçi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin “Tiraspol”la Moldovadakı oyununda “bankirlər”ə texniki zonadan Zaur Svanadze rəhbərlik edəcək.
Buna baş məşqçi Kaxaber Sxadadzenin cəzası səbəb olub. Gürcüstanlı mütəxəssis ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsinin Norveç “Tromse”si ilə Bakıdakı oyununda hakimə sərt şəkildə narazılıq bildirdiyi üçün texniki zonadan kənarlaşdırılmışdı. Nəticədə isə UEFA-dan 2 matçlıq cəza almışdı.
Bu üzdən də Sxadadze qarşılaşmaya hazırladığı “İnter”in texniki zonasında olmayacaq. Onu həmyerlisi və 1-ci köməkçisi Svanadze əvəzləyəcək. “Tiraspol”la gələn həftə Bakıda baş tutacaq görüşdə də eyni ssenari təkrarlanacaq. Sxadadze isə yalnız komandası mərhələ keçsə, II təsnifat mərhələsində texniki zonaya qayıdacaq.
Qeyd edək ki, “Tiraspol” – “İnter” cütünün qalibi növbəti mərhələdə İsveç təmsilçisi “Elfsborq”la qarşılaşacaq.