“Con van Loenin təyinatını yüksək qiymətləndiririk. Hollandiya kimi futbol mədəniyyəti olan ölkədən gəlib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
O, komandaya AFFA tərəfindən idman direktoru təyin olunan hollandiyalı Con van Leonun işinə başlamasına münasibət bildirib.
“Leon Hollandiya yığmasında oynayıb, zəngin karyeraya malikdir. Əsas işi aşağı yaş qruplarında monitorinq təşkil etmək olacaq. Onun təcrübəsinə əsaslanan fəaliyyəti nəticəsində uşaq komandalarımızda müsbət yöndə dəyişikliklər olacağına inanırıq. Ən xoşuma gələn amil isə Loenin özü üçün burda olmadığını bildirməsi oldu. Bu amil onun işinə peşəkar yanaşmasından əlavə, xarakterinin də “Qarabağ” fəlsəfəsinə uyğun gəldiyini göstərir” – deyə, Gözəl bildirib.
Klub rəhbəri yeni mütəxəssisdən gözlənilənlərdən də danışıb: “Ondan ilk növbədə maariflənmə gözləyirik. Çünki, tədris metodologiyası bizim üçün çox önəmlidir. Loendən ilk növbədə aşağı yaş qruplarımızda olan məşqçilərimizin Avropa məşqçilik prinsiplərinin inteqrasıyanın sürətləndirməsini gözləyirik. Zamandan asılı olmayaraq Hollandiya futbolu öz estetikasını heç vaxt itirmir. Hər dəfə bu ölkəyə yolum düşəndə, iki addımdan bir futbol meydançalarını görəndə, insanların bu oyuna sevgisini sezəndə xoşhallanmamaq mümkün deyil. Əminəm ki, Loenin metodikası sayəsində gələcək futbolçularımızda holland futbol fəlsəfəsinin elementlərinin şahidi olacağıq”.