Tahir Süleymanov: Bu braziliyalı futbolçunu biz istəmirik
07.06.2014 - 13:29
Tahir Süleymanov: Bu braziliyalı futbolçunu biz istəmirik

“Biz Aleks dos Santos Qonsalveşi istəmirik”. Bunu apasport.az saytına “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Dayaq yarımmüdafiəçisi kimi braziliyalı Kaueni sıralarına qatan “Neftçi” indi diqqətlərini legioner hücumçu transferinə yönəldib. “Neftçi”nin Braziliyanın aşağı dəstə təmsilçisi olan “Tombense” klubunun üzvü olan, Serbiya və Rumıniyada legioner karyerası yaşamış Aleks dos Santos Qonsalveşi istədiyi bildirilir.

Ancaq Süleymanov bu xəbəri təkzib edib: “Belə bir futbolçu bizim transfer siyahımızda olmayıb. Nə onunla maraqlanmışıq, nə də onu transfer edəcəyik. Bu, düzgün informasiya deyil”.

Yeri gəlmişkən, Süleymanov paraqvaylı Erik Ramosla bağlı sualımıza isə belə cavab verib: “Biz futbolçuya da, onun məxsus olduğu Paraqvayın “Rubio Nyu” klubuna da öz şərtlərimizi bildirmişik. Düzdür, Ramosun müqaviləsində göstərilən maaşı o qədər də yüksək deyildi. Ancaq biz şərtlərimizdə ona nisbətən az maaşlı müqavilə təklif etmişik. İndi cavab gözləyirik”.

Səbuhi TOFİQOĞLU