“Melvin Platyeni “Kalmar”a avqustun sonuna qədər icarəyə vermişik. Hələ icarə müddətinin bitməsinə vaxt var. İsveç klubu hələlik bizə rəsmi təklif göndərməyib. Əgər yenidən Platyeni komandada saxlamaq istəsələr, o zaman danışıqlara hazırıq. Platyeni tək “Kalmar” deyil, başqa klublar da heyətində görmək istəyir. Hansı komandanın təklifi yaxşı olarsa, onun üzərində dayanacağıq. Hələ yanvarda ona bir neçə klubdan təklif gəlmişdi. Hətta Hollandiya təmsilçisi “Roda” da Platyeni heyətində görmək istəyirdi, amma həmin vaxt məşqçilər Melvinin getməsinə icazə vermədilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
İcarədən qayıdacaq Julius Vobay, həmçinin Bruno Bertuççi, Cavid İmamverdiyev və Erik Ramosun komandadan ayrılacağını istisna etməyən Süleymanovun sözlərinə görə, hər şeyə klub prezidenti Sadıq Sadıqov qərar verəcək: “Vobay bizim futbolçudur, Türkiyə hazırlıqlarına qatılacaq. Amma ola bilsin yenidən icarəyə getsin. Cavid “Ankaraspor”un maraq dairəsindədir. Ramosun “Rubio” ilə müqaviləsi var. Biz isə paraqvaylı futbolçunu heyətdə saxlamaq istəyirik. Əgər özü də razılaşarsa və şərtlər üst-üstə düşərsə, gələn mövsüm yenidən “Neftçi”də oynayacaq. Əks təqdirdə isə başqa futbolçularla danışmağa başlayacağıq. Onun yerinə artıq bir neçə namizəd var. Əgər Ramos gəlməyəcəksə, namizədlərdən birini seçib komandamıza çağıracağıq. Bruno Bertuççi isə Braziliyada oynaya bilər, ona A Seriyasından təklif gəlib. Rəsmi müraciət olan kimi danışıqlara başlayacağıq. Ola bilər ki, Bertuççi gələn mövsüm “Neftçi”də olmasın”.
Heyətdəki gənc futbolçulara gəlincə, Süleymanov onların başqa klublara icarəyə verilməyəcəyini bildirib: “Çünki gələn mövsüm əsas məqsədimiz yerli futbolçuları oynatmaqdır. “Simurq” bizə 3 futbolçumuzu icarəyə götürmək üçün müraciət etmişdi. Onlar Tərlan Quliyev, Elşən Abdullayev və Emin Mehdiyevi heyətinə qatmaq istəyirdilər. Amma bu futbolçular hər biri “Neftçi”yə lazımdır. Mirhüseyn Seyidovun “Araz Naxçıvan”a gedəcəyini mətbuatda oxumuşuq, amma onun üçün rəsmi təklif almamışıq. Emin Mehdiyevi AZAL-ın istədiyini bilirik. Amma onlar da bizə rəsmi təklif göndərməyib”.
Vitse-prezident vurğulayıb ki, komandaya az sayda legioner gətiriləcək: “Bir neçə futbolçu ilə maraqlanırıq. İyunun 10-dək onların adları dəqiqləşəcək və Türkiyədəki toplanışa qatılacaqlar. Əsasən bu futbolçular Cənubi Amerika ölkələrindən olacaq. Çünki Avropa ölkələrindən gələn futbolçular Azərbaycana uyğunlaşmaqda çətinlik çəkirlər. Ona görə də transferlərimiz çox güman ki, Amerikadan olacaq”.
ELSEVƏR