“Biz məşqçilər korpusu ilə məsləhətləşib, Topaz Premyer Liqasının ilk turunun “Araz-Naxçıvan”la oyununa əvəzedici heyəti göndərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi avqustun 13-də keçirilməli olan Azərbaycan Superkuboku uğrunda matçın təxirə salınmasından da danışıb: “Həftəlik təqvimi nəzərə alaraq, avqustun 7-də “Çixura, 13-də “Qarabağ”la, 21-i “Partizan”la oyuna əsas heyət hazırlanırdı. Ona görə də “Araz- Naxçıvan”a məğlubiyyətə hazır idik. Superkubok matçının təxirə salınması yəqin ki, Avroliqada oynayan hər iki komandanı zədələrdən qorumaq üçün atılmış addımdı. Əgər bu qarşılaşma keçirilsəydi, biz çempionatın II turuna da əvəzedici heyətlə çıxacaqdıq. PFL-in qərarına hörmətlə yanaşırıq. Bundan sonra bütün diqqətimizi “Partizan”la oyuna yönəldəcəyik”.