AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov “Neftçi” ilə bərabərliyi şərh edib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilərin” baş məşqçisi 4 heç-heçədən sonra qələbə qazanmaq istədiklərini bildirib: “İddiamız yoxdur, öz imicimiz üçün oynayırıq. Qələbə qazanmaq istəyirdik, ilk hissədə çox istəkli oynadıq. Hakimlik barəsində heç nə deməyəcəm. Hər iki qırmızı dəqiq idi. Mən də qırmızı almışam, amma baxır nəyə görə. Murad Ağayev rəqib cərimə meydançasında, qapımıza təhlükə olmayan zamanda qayda pozuntusuna yol verdi. Qol vura bilmirik, bu, məni düşündürür. Komandada üç gənc futbolçudan biri mövsümü bitirib, ikisi isə cəzalı duruma düşdü. Gələn turda kimlə meydana çıxacağımı bilmirəm. Əvəzedici heyətdə istədiyim səviyyədə futbolçu yoxdur. Hərdən yerli futbolçuları çox qınayırıq, amma bu il gələn legionerlərin də səviyyəsi yüksək deyil. Yaradılan epizodlardan heç olmazsa birini vurmaq lazımdır. “Neftçi” bu gün yüksək səviyyədə oynadı. Bundan əvvəlki oyunlarda da bu cür oynasaydı çempionatda xal itkisinə yol verməzdi”.