Tərlan Əhmədov: Uduzsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidi
06.02.2015 - 16:33
Tərlan Əhmədov: Uduzsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidi

“Vacib 3 xal qazandıq. Çox maraqlı oyun oldu. “Neftçi” ilə matçdan sonra bu oyunda da qələbə qazanmaq yaxşı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözəri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XX turu çərçivəsində səfərdə “Qəbələ”ni məğlub edən AZAL qış fasiləsindən sonra ardıcıl ikinci qələbəsini qazanıb. “Təyyarəçilər”in baş məşqçisi oyundan sonrakı mətbuat konfransında komandasının avrokuboklara iddia edəcəyini bildirib: “Neftçi” ilə oyundan sonra “Qəbələ”yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidi. AZAL bu gün göstərdi ki, yüksək yerlər uğrunda mübarizəyə tam hazırdı. Futbolda qələbə də var, məğlubiyyət də. Biz qələbə qazandıq, futbolçulara təşəkkür edirəm. Artıq bu oyunu yaddan çıxarmalı və “Qarabağ”la qarşıdakı görüşə hazırlaşmalıyıq. Futbolda istək vacibdi. Biz hər oyuna istəklə çıxırıq. Sindroma inanmıram. Sadəcə, oyunçularım matça yaxşı köklənir”.

 

Qeyd edək ki, son dəqiqə qolu sayəsində “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən AZAL turnir cədvəlində 5-ci pilləyə yüksəlib.